Asif Şirəliyev: "Yarışlarda hakimimizin olması güləşçilərimizin sığortalanması deməkdir"

Asif Şirəliyev: "Yarışlarda hakimimizin olması güləşçilərimizin sığortalanması deməkdir" "Bizim ölkənin idmançılarına haqsızlıq etsələr, düşünərlər ki, onları da elə aqibət gözləyə bilər"
Fərdi
13 Oktyabr , 2021 11:48
Asif Şirəliyev: Yarışlarda hakimimizin olması güləşçilərimizin sığortalanması deməkdir

Azərbaycanın olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyevin "Report"a müsahibəsi

- Norveçin paytaxtı Oslodakı dünya çempionatında güləşçilərlə bərabər hakim kimi Azərbaycanı təmsil etdiniz. Olimpiadadan sonra ilk yarışlara çox vaxt güclü idmançılar qatılmır. Bu baxımdan, mundialın səviyyəsi necə idi?
- Oslodakı yarış məndə xoş təsir bağışladı, çox maraqlı qarşılaşmalar oldu. Bəzi ölkələr komandalarını gəncləşdirib. Məsələn, Rusiya güləşçilərinin əksəriyyəti gənc idi. Müxtəlif çəkilərdə isə təcrübəli idmançılar yer almışdı. Azərbaycan millisinin heyətində də gənclərə yer verilmişdi. Mundialda gərgin və maraqlı mübarizələr baş tutdu. Hakimlər olimpiadada hansı ab-havada olurlarsa, dünya çempionatında da elə idi. Çünki bu da bizim üçün mötəbər və məsuliyyətli yarışdır. Hansı ki, buraya hər hakimi dəvət etmirlər. Olimpiada 50, dünya çempionatında isə 55 hakim var idi. Bu da onu göstərir ki, dünya çempionatına xüsusi hakimlər dəvət alır. Məni də şəxsən Oslodakı yarışa dəvət etdilər. Mundialın ilk günlərində 125 kq çəki dərəcəsində iranlı Amir Hüseyn Abbas və gürcüstanlı Geno Petriaşvili arasındakı final qarşılaşmasını mənə həvalə etdilər. Bu da bizim hakimliyin uğurudur.

- Ümumilikdə neçə görüş idarə etdiniz?
- Hər gün minumum 4 qarşılaşma idarə edirdim. Amma iki final mənə tapşırıldı. Elə hakimlər var idi ki, onlara bürünc medal uğrunda dueli belə həvalə etmirdilər. İki qızıl medal uğrunda görüşü idarə etmək mənim üçün fəxrdir. 125 kq-dan əlavə qadınlar arasında 57 kq çəkidə ABŞ təmsilçisi Elen Luis Marulislə Hindistan güləşçisi Anşu Anşunun görüşünü də idarə etdim.

- Azərbaycanlı güləşçilərin çıxışlarını necə dəyərləndirirsiniz: Sizcə, ümumi nəticəni qənaətbəxş hesab etmək olar?
- Mən də güləş ailəsinin üzvüyəm. Bütün bunlar məşqçilər korpuslarına aid olan məsələdir. Hesab edirəm ki, nəticələrimiz elə də pis olmadı. Sərbəst güləşdə iki bürünc medal qazandıq. Qızıl medal olsaydı, daha yaxşı olardı. Gənc güləşçi Turan Bayramov (70 kq) finalda güləşməyə yaxın oldu. Sadəcə, müəyyən səhvlərdən sonra yarımfinalda uduzdu. Səbəbini məşqçilər korpusu daha yaxşı bilir və bütün bunların üzərində işləyəcəklər. Təəssüf ki, qadınlar medal qazana bilmədilər. Yunan-Roma güləşində nəticəmiz ürəkaçan idi. Dünya çempionatını ümumi sıralamada üçüncü pillədə başa vurduq. 1 qızıl, 1 gümüş və 2 bürünc medal yaxşı nəticədir. Ümumi götürəndə də nəticəni qənaətbəxş hesab etmək olar. Sərbəst güləşdə məşqçilər korpusu gənclərə şans vermək istəyib. Onların çoxu ilk dəfə böyüklər arasında dünya çempionatına qatılırdı. Ən pis nəticə medalsız qalmaq olardı.

- Belə nüfuzlu yarışlarda ölkəni daha çox hakimin təmsil etməməsinin səbəbi nədir?
- Hakimin üzərində çalışmasından çox şey asılıdır. Dünya Güləş Birliyində Hakimlər Komissiyası var. Onlar birbaşa bu işə nəzarət edirlər. Yəqin ki, mənim göstəricilərim uyğun gəlib və seçiblər. İnanıram ki, gələcəkdə dəvət alan hakimlərimizin sayı daha çox olacaq. Mən də istəyərəm ki, belə yarışlara yerli həmkarlarımla birlikdə yollanım. Bunun üçün beynəlxalq arenada bütün göstəricilər qənaətbəxş olmalıdır. Hakimin bütün göstəricilərinə fikir verirlər. Təbii ki, ilk növbədə, hakimlik qabiliyyətinə baxırlar. Hakimsənsə, beynəlxalq status nəyi tələb edirsə, onları bilməlisən. Ən azı dil bilgilərin yerində olmalıdır. Kontakt yaratmağı və ünsiyyət qurmağı bacarmalı, çox səhv buraxmamalısan. Təbii ki, səhvsiz hakim olmur, mexaniki səhvlər qaçılmazdır. Məsələn, güləş gedir, qırmızı geyimli idmançı 4 xal qazanıb, səhvən göy geyimlinin lehinə əlini qaldıra bilərsən. Bu, mexaniki səhv hesab olunur. Çünki sən 4 xalı dəqiq göstərmisən. Amma mexaniki olaraq səhv idmançını qeyd etmisən. Elə səhvlər də var ki, belə kateqoriyada olanlar o yalnışlığa yol verməməlidir. Hakimlər hücumda və əks-hücumda diqqətli olmalıdır. Hücum anında görüşü dayandırmaq olmaz və s. Mən də istənilən yarışda çalışmışam ki, ölkəm adına və öz adıma bu işlərin öhdəsindən gəlim. Öhdəsindən gəldiyimə görə məni belə yarış üçün seçiblər. Bu, öz adıma və ölkəm adına böyük qürurdur. Hamıya bəllidir ki, hakimlər yarışda böyük rol oynayırlar. Hakimimizin orada olması güləşçilərimizin sığortalanması deməkdir. Bizim ölkənin idmançılarına haqsızlıq etsələr, düşünərlər ki, onları da elə aqibət gözləyə bilər.

- Mundialda bizim və ya digər idmançıların hansınasa qarşı haqsızlıqla qarşılaşdınızmı?
- Mən şəxsən belə hallarla üzləşməmişəm. Hakimlərlə yaxşı münasibətimiz var. Haqsızlıq edə bilməzlər, etsələr, özləri problemlə rastlaşacaqlar. Heç kim istəməz ki, karyerasına xələl gətirsin. Sabah onun kateqoriyasını əlindən ala bilərlər. Belə hal yaşansa, super kateqoriyası I kateqoriya ilə əvəzlənəcək. Heç bir hakim də ona risk etməz. Uduzan idmançılar bəzən deyir ki, hakimlərin haqsızlığına görə məğlub oldum. Mən həmkarlarımdan belə şey görməmişəm. İdmançı səhvi öz üzərində axtarmalıdır ki, niyə qələbəni əldən verdim? Bu gün güləşdə şəffaflıq var. Baş məşqçilər qərara etiraz edə bilirlər. Zalda məşqçi, tamaşaçı və güləşən idmançı da monitorda həmnin anı izləyə bilir. Məsələn, Rafiq Hüseynovun (82 kq) final görüşündə oxşar vəziyyət oldu. Yan və baş hakim xal vermədi. Türkiyəli məşqçi isə xal olduğunu bildirdi. Orada həqiqətən xal yox idi. Təkrara baxandan sonra da bu göründü. İnanmıram ki, hakimlərdən kimsə belə haqsızlıqlar etsin. Mexaniki səhvlər isə ola bilər. Mundialın da özünün həyəcanı var. İki ildir belə yarışlar keçirilmirdi. Tribunalardakı azarkeşlər də bəzən hakimlərə təzyiq göstərir. Güləşçilərdə həyacan olduğu kimi, hakimlərdə də olur. Onlar da istəyirlər ki, heç kimin haqqı yeyilməsin.

- Hakimlərin bizim idmançılara münasibəti necədir? Onların arasında Ermənistan təmsilçisi varmı ki, sizə və ya idmançılara münasibəti yaxşı olmasın?
- Biz erməni idmançıların, onlar da bizim idmançıların görüşlərinə hakimlik etmirlər. Bundan əlavə, türkiyəli güləşçilərin qarşılaşmaları da bizə həvalə olunmur. Hakimlər ancaq tərəfsiz qərar verməyə çalışırlar. Güləşçilər də bilməlidirlər ki, meydan açıqdır. Kim güclüdürsə, o da qalib olacaq. Hamı ideal güləşçi ola bilməz.

- Bütün yarışlarda türkiyəli güləşçilərin qarşılaşmaları bizim hakimlərə verilmir?
- Mən 2007-ci ildən beynəlxalq hakimlik statusu daşıyıram. Bəzi beynəlxalq turnirlərdə türkiyəli güləşçilərin qarşılaşmaları bizim hakimlərə verilir. Amma dünya və Avropa çempionatı kimi yarışlarda olmur. Təbii ki, kimsə hansısa turnirdə tərəfkeşlik etsə, onun üçün ölçü götürülür. Belə hal verəndə işə hakimi cəzalandırırlar. Hazırda hakimlərə diqqət daha da çoxalıb. İnanmıram ki, kimsə bir qarşılaşmaya görə karyerasına xələl gətirsin.

- 2019-cu ildəki dünya çempionatına 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin (65 kq) rusiyalı Hacımurad Rəşidova uduzması qalmaqala səbəb olmuşdu. Sizcə, hakimlərin qərarı doğru idimi?
- Həmin anı xatırlayıram. Hücum edən tərəf Hacı Əliyev idi. Bildiyiniz kimi döşəkdən kim birinci çıxırsa, xal rəqibə verilir. Müxtəlif rakurslardan, kameralardan baxıldı və göstərildi ki, Hacı birinci çıxıb. Hadisə döşəyin ortasında baş versəydi, təbii ki, xal bizim güləşçiyə veriləcəkdi. Döşəkdə zona deyilən bir yer var. Ora çox həssas yerdir. Həmişə hücumlar və əks-hücumların çoxu orada baş verir. Kameraların göstərdiyinə görə, "aut"a birinci Hacı çıxmışdı. Ona görə xalı Rusiya idmançısına verdilər.

- Hacı Əliyevin orada hakimlərə reaksiyası da oldu. Referilərə qırmızı vərəqə göstərdi...
- İdmançılar bəzən emosiyalarını saxlaya bilmirlər. Həmin dünya çempionatı olimpiadaya vəsiqə qazandırırdı. Hacı özündən asılı olmayaraq bu hərəkəti etdi. Hamımız cavan olmuşuq., bəzən belə reaksiyalar verə bilərsən. Hacı əfsanəvi güləşçidir, mən də xətrini çox istəyirəm. O, daha sonra Dünya Kubokunda revanşını aldı və həmin rəqibə vaxtından əvvəl qalib gəldi.

- Bəs özünüzün karyeranızda belə oxşar və maraqlı hadisələr yaşanıbmı?
- Tatamidə gülməli şeylər də çox olur. Hakimlikdə belə hallar çoxdur.

- Xatırladığınız hadisə varmı?
- Böyüklər arasında yarışın hər hissəsi 3 dəqiqədən ibarətdir. Amma bəzən elə bilirsən ki, yeniyetmələrin yarışıdır. İki dəqiqə sonra saxlayırsan ki, birinci hissə bitib, istirahət edə bilərsiniz. Kənardan baxırlar ki, nə baş verib? Mən də demişəm ki, ilk yarı bitib. Sonra mənə deyiblər ki, bu, böyüklər arasındadır. (gülür - red.) Karyeramda çox hallar olub, hələlik xatırladığım bu idi.

Son xəbərlər

Orphus sistemi