Ağstafa peyntbol və atıcılıq mərkəzinə jurnalistlər üçün mediatur təşkil edilib.
"Report"un Ağstafaya ezam olunmuş əməkdaşı xəbər verir ki, media nümayəndələri mərkəzdə yaradılan şəraitlə yaxından tanış olublar.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsməliyev jurnalistlərə açıqlamasında bildirib ki, 2013-cü ildə istifadəyə verilən və hazırda Bakı Atıcılıq Mərkəzinin tabeliyində olan idman obyektinin sahəsi 2 hektardır.
O qeyd edib ki, yenidənqurma işləri aparılan mərkəz yaxın vaxtlarda fəaliyyətini genişləndirəcək: "Mərkəz istifadəyə tam yararlıdır, inzibati bina təmir olunub. Mərkəzi Azərbaycan Atıcılıq Federasiyası təmir edir. İdman həvəskarları istənilən vaxt gəlib atıcılıq mərkəzinin imkanlarından yararlana bilərlər".
Həmçinin məlumat verilib ki, burada müxtəlif hərbi oyunların təşkili keçirilir. Peyntbol və atıcılıq mərkəzinin yaradılmasında əsas məqsəd idmanın kütləviliyinin təmin olunması, həm olimpiya hərəkatının genişlənməsi, həm də gənclərin vətənpərvərlik tərbiyəsinin və hərbi xidmətə hazırlığının gücləndirilməsidir.