Azərbaycan Atletika Federasiyasının (AAF) mətbuat katibi Tural Dadaşov mayda hündürlüyə tullanma üzrə ölkə çempionu olmuş Yusif Abdullayevin 4 illik diskvalifikasiya edilməsinə aydınlıq gətirib.
AAF rəsmisi “Report”a açıqlamasında idmançının ailə problemlərinə görə test nümunələrini vaxtında təqdim edə bilmədiyini söyləyib.
Onun sözlərinə görə, Y.Abdullayev turnirdən sonra yarış məkanını dərhal tərk edib:
“İdmançı ailə üzvlərindən birinin səhhətində yaranmış ciddi problemlə əlaqədar turnirdən dərhal sonra yarış məkanını tərk etməli olub. Yusif Abdullayev bu səbəbdən nümunəni təqdim edə bilməyib”.
Qeyd edək ki, mayda hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olan idmançı nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə 4 illik cəzalandırılıb. Onun cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.