Yanvarda Azərbaycan Türkiyəyə qaz nəqlini 29 %-dək azaldıb
- 31 mart, 2022
- 09:19
Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 796,32 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 28,8 % azdır.
Bununla da yanvar ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub.
Bu ilin yanvar ayında Türkiyə ümumilikdə 6 milyard 704,88 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2020-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 10,02 % çoxdur.
Qeyd edək ki, yanvar ayında Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 2 milyard 618,77 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 2,11 % azdır.
Yanvarda ikinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə yanvarda Türkiyəyə 1 milyard 205,25 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 89,92 dəfə çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.