Oktyabrda Azərbaycan Türkiyəyə qaz ixracını 31 % azaldıb
- 28 dekabr, 2021
- 08:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 762 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 30,9 % azdır.
Bununla da oktyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub.
Bu ilin oktyabr ayında Türkiyə ümumilikdə 4 milyard 657 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2020-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 15,2 % çoxdur.
Qeyd edək ki, oktyabr ayında Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 1 milyard 865 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2020-ci ilin oktyabr ayı ilə müqayisədə 8,8 % azdır.
Oktyabrda ikinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə oktyabrda Türkiyəyə 838 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin oktyabr ayı ilə müqayisədə 8,5 dəfə çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.