Türkiyə Azərbaycandan neft idxalını 5 dəfədən çox azaldıb
- 19 avqust, 2025
- 10:33
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyəyə 51 min 509,56 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 24 milyon 006,16 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 5,2 dəfə, dəyəri isə 6,2 dəfə azdır.
Yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 0,35 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 470 min 571,55 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 7 milyard 660 milyon 230,09 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb.