“Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişafa xüsusi diqqət yetirir”.
“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumunda bildirib.
O xatırladıb ki, əsas məqsəd 2030-cu ilədək Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaqdır: “İnanırıq ki, Azərbaycan bu məqsədə 2030-cu ilə qədər nail olacaq”.
Onun sözlərinə görə, “yaşıl enerji” Azərbaycanın fəaliyyətinin mühüm istiqamətidir, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası məsələsində: “Biz azad edilmiş əraziləri dayanıqlı inkişaf etdirmək və “yaşıl enerji” zonasına çevirmək niyyətindəyik. Bu regionda əldə etdiyimiz təcrübədən isə bütün Azərbaycanda istifadə edə bilərik”.
T.Əmmayev deyib ki, Azərbaycan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun qəbul edib və hazırda 2022-26-cı illər üçün bərpa olunan enerji mənbələri ilə bağlı strategiya hazırlanır: “Ümid edirik ki, bu, tezliklə təsdiqlənəcək”.