Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara veriləndən 31 dekabr 2024-cü il tarixinədək Türkiyə və Avropaya 73,54 milyard kubmetr Azərbaycan qazı nəql edib.
“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında bildirib.
"2024-cü il dekabrın 31-nə TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetr təşkil edib. Bu həcmin 30,8 milyard kubmetri Türkiyəyə, 42,74 milyard kubmetri isə Avropaya göndərilib", - E.İbadov qeyd edib.
O həmçinin bildirib ki, TANAP-ın imkanları ildə 16 milyard kubmetr qaz nəqlini nəzərdə tutur.
"Lakin texniki cəhətdən bu rəqəmi ildə 30-32 milyard kubmetrə çatdırmaq mümkündür. Bunun üçün əlavə boru kəmərinin tikintisi tələb olunmur, təkcə boruda təzyiqi artırmaq kifayətdir ki, bu da investisiya tələb edir. Avropa ölkələri tərəfindən hələ qərar (qaz kəmərinin ötürücülük qabiliyyətinin 2 dəfə artırılması ilə bağlı) qəbul edilməyib, hazırda layihə təhlil edilir", - o əlavə edib.