Azərbaycan Serbiyaya qaz nəqli marşrutlarının və mənbələrinin şaxələndirilməsində əsas tərəfdaşlardan biridir.
"Report" xəbər verir ki, bunu Serbiyanın dağ-mədən və energetika nazirliyinin dövlət katibi Stefan Srblyanoviç Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.
O, Azərbaycan ilə Serbiya arasında son illər ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bunun iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə töhfə verdiyini vurğulayıb.
Dövlət katibi xatırladıb ki, Serbiya-Bolqarıstan qaz interkonnektorunun tikintisinin yekun mərhələsində ölkələr 2026-cı ilə qədər Azərbaycandan Serbiyaya ildə 400 milyon kubmetrədək qaz nəqli barədə razılığa gəliblər: “Enerji əməkdaşlığı əsas əhəmiyyət kəsb edir. Çünki o, uzunmüddətlidir və müasir dünyanın ən mühüm vəzifələrindən biri olan və milli təhlükəsizliyə bərabər olan enerji təhlükəsizliyinə töhfə verir”.
S.Srblyanoviçin sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi sayəsində Serbiya tədarük marşrutlarını şaxələndirir, həmçinin Xəzər regionu və Yaxın Şərqdəki mənbələrə çıxış əldə edir: “Yunanıstanın Aleksandrupolis limanındakı mayeləşdirilmiş təbii qaz terminalına da çıxış əldə etdik. Bununla belə, etiraf etmək lazımdır ki, Azərbaycan tədarük mənbələrinin şaxələndirilməsində Serbiyanın əsas tərəfdaşlarından biridir”.
O bildirib ki, Serbiya regionun enerji təhlükəsizliyinə xidmət edən bütün təşəbbüsləri izləyir: “Məsələn, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropa İttifaqına “yaşıl enerji”nin tədarükünə dair sazişi diqqətlə izləyir”.