STAR zavodu xam neft idxalını 15 % azaldıb
- 02 oktyabr, 2023
- 08:28
Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 835 min 435 tona yaxın xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2022-ci ilin iyul ayı ilə müqayisədə 146 min 469 ton və ya 14,9 % azdır. Bu, Türkiyəyə idxal edilən xam neftin 20,27 %-i deməkdir.
2023-cü ilin iyul ayında Türkiyədə fəaliyyət görstərən neft email zavodları tərəfindən 4 milyon 121 min 937 tona yaxın xam neft idxal edilib. Bu, 2022-ci ilin iyul ayının göstərici ilə müqayisədə 61 min 072 ton və ya 1,46 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.