STAR NEZ müvəqqəti dizel istehsalını dayandırıb

Energetika
  • 21 iyun, 2024
  • 08:19
STAR NEZ müvəqqəti dizel istehsalını dayandırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ayın əvvəlində Türkiyədə sutkada 214 min barel xam neft emal etmək gücünə malik STAR neft emalı zavodunda (NEZ) dizel istehsalı üçün istifadə edilən ayırma qurğusunun fəaliyyətini dayandırıb.

“Report” xəbər verir ki, məsələ ilə tanış olan mənbə “Reuters” agentliyinə bildirib ki, hidrokrekinq ayırma qurğusu hidrogen qurğusunda yaranan nasazlıq səbəbindən dayandırılıb.

Mənbənin məlumatına görə, sözügedən bölmə yaxın günlərdə yenidən işə düşə bilər.

Hidrokrekinq qurğuları yüksək kükürdlü vakuum qaz yağı (VGO) dizel və reaktiv qaz yağı kimi daha qiymətli distillə edilmiş yanacağa çevirmək üçün hidrogen və katalizatordan istifadə edir.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti