STAR NEZ 6 ayda Türkiyənin ümumi neft məhsulları ixracının 28 %-dən çoxunu təmin edib
- 29 avqust, 2024
- 07:52
Türkiyə bu ilin yanvar-iyun aylarında 15 milyon 817 min 937,14 ton neft alıb ki, bunun da 34,3 %-i Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) tərəfindən alınıb.
“Report” bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDC) istinadən xəbər verir.
Qeyd olunub ki, Türkiyə hesabat dövründə neft idxalını 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 10,2 % artırıb.
EPDC-nin məlumatına görə, 2024-cü ilin hesabat dövründə Türkiyənin idxal etdiyi neftin həcminin 65,7 %-i “Turkiye Petrol Rafinerileri AS” (TÜPRAŞ) neft emalı zavodunun payına düşüb - 10 milyon 387 min 273,22 ton (20,3 % çox). İlin birinci yarısında STAR NEZ 5 milyon 430 min 663,92 ton neft (5 % az) idxal edib.
Hesabat dövründə STAR neft emalı zavodu 2 milyon 297 min 247,77 ton (26,2 % çox) neft məhsulları ixrac edib ki, bu da Türkiyənin ümumi neft məhsulları ixracının 28,28 %-ni təşkil edir.
Eyni zamanda, bu ilin ilk 6 ayında zavoddan ixracın əsas həcmi dizel yanacağının payına düşüb - 1 milyon 458 min 906,67 ton təşkil edib. Aviasiya yanacağının ixracı 116 min 674,97 ton, digər neft məhsulları 721 min 666,13 ton təşkil edib.
STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon tondur.
SOCAR STAR neft emalı zavodunun tikintisinə və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.