STAR zavodu xam neft idxalını cüzi artırıb
- 30 oktyabr, 2023
- 09:22
Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 918 min 225 tona yaxın xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin avqust ayı ilə müqayisədə 272 ton və ya 0,03 % çoxdur. Bu, Türkiyəyə idxal edilən xam neftin 21,6 %-i deməkdir.
Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 852 min 705 tondan çox xam neft idxal edilib. Bu, 2022-ci ilin avqust ayının göstərici ilə müqayisədə 89 min 791 ton və ya 3,05 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.