“SOCAR Türkiyə Ar-Ge” ilə ODTÜ plastik tullantıları təkrar emal edəcək

“SOCAR Türkiyə Ar-Ge” ilə ODTÜ plastik tullantıları təkrar emal edəcək Layihənin məqsədi innovativ texnologiyalar əsasında plastik tullantıları yenidən xammala çevrməklə istifadəyə yararlı hala gətirməkdir.
Energetika
27 Yanvar , 2021 12:35
“SOCAR Türkiyə Ar-Ge” ilə ODTÜ plastik tullantıları təkrar emal edəcək

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin mütərəqqi, dayanıqlı, ekoloji cəhətdən təmiz məhsul istehsalı və rəqəmsal texnologiyaların inkişafı məqsədi ilə yaratdığı “SOCAR Türkiyə Ar-Ge” tədqiqat və inkişaf mərkəzi plastik tullantıların təkrar kimyəvi emalı üçün Yaxın Şərq Texniki Universiteti (ODTÜ) ilə birgə layihəyə start verir.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilir ki, layihə çəçivəsində “SOCAR Ar-Ge” və ODTÜ-nün əməkdaşları tullantı plastikləri ilkin komponentlərinə çevirərək, təkrar və davamlı şəkildə plastik xammal istehsalının istifadəsi istiqamətində tədqiqat aparacaqlar. Bu layihənin reallaşdırılması nəticəsində bir tərəfdən təbii mənbələri qoruyacaq, digər tərəfdən isə dövri iqtisadiyyata töhfə verəcək baza texnologiyalarının inkişaf etdirilməsi istiqamətində mühüm bir addım atılacaq.

Təcrübələr “SOCAR AR-GE” və ODTÜ laboratoriyalarında aparılacaq

3 il davam edəcək layihə sayəsində “SOCAR Türkiyə”nin özünəməxsus metod və texnologiyalarını inkişaf etdirmək imkanına da malik olacağını bildirən “SOCAR Ar-Ge” tədqiqat və inkişaf mərkəzinin baş direktoru Bilal Quliyev deyib: “Məqsədimiz ilk növbədə yeni texnologiyaları inkişaf etdirməkdir. Layihənin sənaye miqyasında tətbiqinə qərar verildikdən sonra tullantıların idarə edilməsi ilə məşğul olan şirkətlərdən və bu tullantıların alına biləcəyi digər mənbələrdən xammal təminatını planlaşdırırıq. Bu layihə vasitəsilə SOCAR daxilində meydana çıxan tullantıların da istifadəsi mümkün olacaq. Plastik tullantıların təkrar kimyəvi emalı nəticəsində “Petkim”in əsas xammalı sayılan nafta üçün də alternativ bir mənbə yaranacaq. Beləliklə bir tərəfdən ətraf mühitə və iqtisadiyyatın dayanıqlılığına, digər tərəfdən də “SOCAR Türkiyə”nin rəqabətə davamlılığını təmin edəcək yeni iş yerlərinin yaranmasına töhfə verməyi hədəfləyirik”.

Layihə çərçivəsində xaricdə plastik tullantılardan mühərrik yağı əldə edilməsi mövzusunda məqalələri dərc olunan və patent üçün müraciət edilən ODTÜ Kimya Mühəndisliyi fakültəsinin müəllimi Dr. Gökhan Çeliklə birlikdə çalışdıqlarını qeyd edən Bilal Quliyev müvafiq təcrübələrin “SOCAR Ar-Ge” və ODTÜ laboratoriyalarında aparılacağını, layihədə istifadə olunacaq katalizatorların isə ODTÜ-də hazırlanacağını bildirmişdir.

Sıfır tullantı layihəsinin davamı

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın himayəsi altında Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilən Sıfır Tullantı Layihəsini xatırladan B.Quliyev daha sonra demişdir: “Sıfır Tullantı Layihəsi israfçılığın qarşısının alınmasını, mənbələrin daha səmərəli istifadəsini, tullantıların miqdarının azaldılmasını, səmərəli toplama sisteminin qurulmasını, tullantıların təkrar emalını əhatə edən və tullantıların qarşısının alınması yanaşması kimi müəyyən olunmuş bir hədəfdir. Bu hədəflər bizim layihəmizin də mahiyyətini təşkil edir. Bu da “SOCAR Türkiyə”nin strategiyasının Türkiyənin hədəflərinə uyğun olması ilə yanaşı layihənin çox mühüm və vaxtında verilmiş bir qərar olduğunu göstərir.

Təkrar kimyəvi emal nədir?

“SOCAR Türkiyə Ar-Ge” tədqiqat və inkişaf mərkəzi ilə Türkiyənin nüfuzlu universitetlərindən biri olan ODTÜ-nün Türkiyədə start verdiyi “təkrar kimyəvi emal” mexaniki proseslərlə davamlı olaraq təkrar emalı mümkün olmayan plastik tullantıların daha bəsit və dəyərli molekullara çevrilməsini hədəfləyən bir texnologiyadır. Təkrar kimyəvi emal prosesinin sonunda əldə ediləcək məhsullar gələcəkdə əsas polimerlərin istehsalında alternativ xammal kimi istifadə oluna biləcək.

Qeyd edək ki, hər il dünyada 380 milyon ton plastik maddə istehsal olunur ki, bu da ümumilikdə neft və təbii qaz hasilatının təqribən 7 %-nə bərabərdir. Plastik bazarının sürətli inkişafının da təsiri ilə plastik istehsalının 2050-ci ilədək dörd dəfə artacağı və ildə 1,1-1,5 milyard tona çatacağı ehtimal olunur. Araşdırmalara görə hər il istehsal olunan materialların 75 %-dən çoxu bir dəfə istifadə olunduqdan sonra atılır və bunların böyük əksəriyyətini alçaq sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen və polipropilen kimi poliolefinlər təşkil edir. Plastik tullantıların 9 %-i mexaniki üsullarla təkrar emal olunsa da, mövcud təkrar emal üsulları plastiklərin kimyəvi və enerji dəyərlərinin geri qaytarılmasını təmin etmir və dəyər itkisinə səbəb olur. Tullantı plastiklərin enerji dəyərləri geri qaytarıldığı təqdirdə iqtisadi baxımdan hər il təxminən 3,5 milyard barrel neft ekvivalentində iqtisadi qarşılığının olacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi