"SOCAR Trading"in Hyustondakı ofisinə yeni direktor təyin edilib

Energetika
  • 11 mart, 2025
  • 10:11
SOCAR Tradingin Hyustondakı ofisinə yeni direktor təyin edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət bölməsi olan "SOCAR Trading" Klaus Lamprexti Hyustondakı ofisinin idarəedici direktoru təyin edib.

Bu barədə “Report” “SOCAR Trading”ə istinadən xəbər verir.

"Klaus Lamprexti Şimali Amerikada yeni idarəedici direktorumuz və məhsullar üzrə baş treyder təyin etməkdən məmnunuq. Enerji sektorunda 24 ildən çox təcrübəsi olan, o cümlədən SOCAR qrupunda 10 il işləyən Klaus Lamprext Hyustondakı ofisimizə rəhbərlik edəcək. O, biznes strategiyasını idarə edəcək və yeni bazar mövqelərini müəyyən edəcək", - məlumatda bildirilib.

K.Lamprext mühəndislik üzrə magistr dərəcəsinə malikdir. “SOCAR Trading”dən əlavə, “SOCAR Overseas LLC”, “Petroplus” və OMV-də işləyib.

Mənzil-qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” 2007-ci ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkətinin ticarət bölməsi kimi təsis edilib.

“SOCAR Trading” beş əsas maliyyə mərkəzində (Cenevrə, London, Sinqapur, Dubay və Hyuston) ofisləri olan, xam neft, neft məhsulları, LNG, təbii qaz və ekoloji məhsulların ticarəti ilə məşğul olan beynəlxalq ticarət şirkətidir.

Son xəbərlər

Bütün Xəbər Lenti