SOCAR Qara dənizdəki yataqlara maraq göstərir

Energetika
  • 13 may, 2024
  • 06:22
SOCAR Qara dənizdəki yataqlara maraq göstərir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qara dənizin Bolqarıstan şelfindəki təbii qaz yataqlarına maraq göstərir.

“Report” xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Vladimir Malinov Bolqarıstan Milli Televiziyasına müsahibəsində deyib.

Nazir bildirib ki, bu həftə Bolqarıstanın yeni hökuməti bu ölkənin Qara dənizdəki eksklüziv iqtisadi zonasında yerləşən “Blok 1-26 Xan Tervel” sahəsində neft və təbii qazın axtarışı, kəşfiyyatı üçün tender proseduruna başlamağı planlaşdırır.

“Qara dəniz akvatoriyasında geoloji və seysmik 3D tədqiqatları göstərir ki, burada təkcə yataqların kəşf edilməsi ilə bağlı deyil, həm də karbohidrogen hasilatı üçün kifayət qədər böyük potensial var. Bu həftə “Blok 1-26 Xan Tervel” yatağının bloklarından biri üzrə tender proseduruna başlayacağıq. SOCAR və digər şirkətlər buna maraq göstərirlər”, - o qeyd edib.

V.Malinov əlavə edib ki, Bolqarıstan Prezidenti Rumen Radevi müşayiət edən nümayəndə heyətinin tərkibində ötən həftə Bakıya səfəri zamanı Azərbaycan hökumətinin nümayəndələri ilə bu mövzuda müzakirələr aparılıb: “Qara dənizdə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi enerji müstəqilliyimizin təmin olunmasına ciddi töhfə verəcək”.

“Blok 1-26 Xan Tervel”in ümumi sahəsi 4032 kvadrat kilometrdir. Bu blokda indiyədək heç bir qazma işləri aparılmayıb.