SOCAR prezidenti xarici neft-qaz şirkətlərinin rəhbərləri ilə görüşüb

SOCAR prezidenti xarici neft-qaz şirkətlərinin rəhbərləri ilə görüşüb Görüşlər Abu-Dabidə keçirilən Beynəlxalq neft-qaz sərgi konfrası çərçivəsində baş tutub
Energetika
8 Noyabr , 2016 09:38
SOCAR prezidenti xarici neft-qaz şirkətlərinin rəhbərləri ilə görüşüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Abu-Dabidə keçirilən Beynəlxalq neft-qaz sərgi konfrasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Bu barədə "Report"a SOCAR-dan bildirilib. 

Məlumata görə,  dünyanın böyük neft və qaz şirkətlərinin iştirak etdiyi forum çərçivəsində SOCAR prezidenti bir sıra ikitərəfli görüşlər keçirib. BP şirkətinin prezidenti Bob Dadli ilə görüşdə BP-nin Azərbaycanda həyata keçirilən ən böyük layihələrdə SOCAR-ın etibarlı tərəfdaşı olduğu qeyd edilib, “Azəri-Çıraq-Günəşli” (“AÇG”) yatağında uğurlu birgə fəaliyyətin aspektləri müzakirə olunub. İki şirkət arasında Azərbaycanda və xaricdə birgə layihələr üzrə biznesin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Daha sonra “Total” şirkətinin prezidenti Patrik Puyyane ilə görüşən SOCAR prezidenti “Total”ın Azərbaycanda uğurlu fəaliyyət tarixçəsindən danışıb, əməkdaşlığın hazırkı durumu dəyərləndirilib. Görüşdə ''Abşeron'' layihəsinin investisiya fazasına keçməsi, iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. 

“Statoil” şirkətinin prezidenti Eldar Setre ilə görüşdə isə dünya neft-qaz bazarında baş verən yeniliklər fonunda ''AÇG'' layihəsinin inkişafı, ''Qarabağ'' yatağı üzrə əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycanda həyata keçirilən layihələrdə “Statoil” şirkətinin iştirak imkanları, investisiya perspektivləri haqqında ətraflı müzakirələr aparılıb. 

Rövnəq Abdullayev Abu-Dabi səfəri çərçivəsində “ExxonMobil” şirkətinin prezidenti Reks Tillersonla da görüş keçirib. “ExxonMobil” rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələri maraqla izlədiklərini bildirib, SOCAR-ExxonMobile əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını söyləyib. 

Son xəbərlər

Orphus sistemi