“SOCAR Polymer” ixrac gəlirlərini 86 %-dən çox artırıb
- 27 iyul, 2023
- 15:09
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 151,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.
Bu, 2022-ci ilin 6 ayı ilə müqayisədə 70,1 milyon ABŞ dolları və ya 86,4 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.