“SOCAR Polymer” ixrac gəlirlərini 71 %-dən çox artırıb

Energetika
  • 01 sentyabr, 2023
  • 06:11
“SOCAR Polymer” ixrac gəlirlərini 71 %-dən çox artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 181,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.

Bu, 2022-ci ilin 7 ayının göstəricisi ilə müqayisədə 75,6 milyon ABŞ dolları və yaxud 71,5 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti