SOCAR neft məhsullarının ixracını 51 % artırıb
- 27 iyul, 2023
- 11:36
Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədəki müəssisələrində istehsal olunan 610 min 003 ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.
Bu barədə “Report” SOCAR-ın bu ilin aprel-iyun aylarına dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasına istinadən xəbər verir.
Bu, ötən ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 206 min 519 ton və ya 51,2 % çoxdur.
Xatırladaq ki, 2022-ci ilin aprel-iyun aylarında SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal edilən 403 min 484 ton neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.
SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın “Aİ-92”, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Euro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.