SOCAR neft ixracını təqribən 6 % azaldıb
- 27 iyul, 2023
- 12:47
Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dünya bazarına 4 milyon 649 min 884 ton xam neft ixrac olunub.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ilin aprel-iyun aylarına dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasına istinadən xəbər verir.
Bu, 2022-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 284 min 393 ton və ya 5,8 % azdır.
Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir.
Hesabat dövründə ümumilikdə ölkə üzrə 7 milyon 022 min 006 ton neft, 5 milyard 686 milyon 049 min kubmetr qaz ixrac edilib. Qaz ixracında il ərzində 4,2 %-lik artım qeydə alınıb.