SOCAR İsveçrədəki satışından gəlirlərini 74 % artırıb
- 25 iyun, 2023
- 13:46
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildə satışdan əldə etdiyi 119 milyard 228 milyon manat gəlirin 77 milyard 647 milyon manatı və yaxud 65,1 %-i İsveçrənin payına düşüb.
“Report” şirkətin maliyyə hesabatına istinadən istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 74 % çoxdur.
Ötən il SOCAR-ın Türkiyədəki əsas əməliyyat gəlirləri isə 24 milyard 268 milyon manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən 38,1 % çoxdur.
Hesabat dövründə SOCAR-ın Azərbaycandakı satış hesabına gəlirləri 41,9 % artaraq 11 milyard 71 milyon manat, Birləşmiş Ərəb Əmirliklərindəki satış hesabına gəlirləri 35,4 % azalaraq 1 milyard 897 milyon manat, Gürcüstandakı satış hesabına gəlirləri isə 31,05 % artaraq 1 milyard 625 milyon manat, digər ölkələrdəki satış hesabına gəlirləri isə 19 % azalaraq 2 milyard 720 milyon manat olub.