SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını cüzi artırıb
- 02 oktyabr, 2023
- 07:31
Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 538 min 079 tona yaxın dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2022-ci ilin iyul ayı ilə müqayisədə 3 min 230 ton və ya 0,6 % çoxdur.
Türkiyədə dizel yanacağı istehsalının 41 %-i STAR neft emalı zavodu hesabına təmin edilib.
Ümumilikdə, 2023-cü ilin iyul ayında Türkiyədə neft emalı zavodları tərədindən ümumilikdə 1 milyon 312 min 223 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin iyul ayı ilə müqayisədə 175 min 681 ton və ya 11,8 % azdır.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.