SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını 11 %-dən çox azaldıb

Energetika
  • 28 noyabr, 2023
  • 07:36
SOCAR-ın Türkiyədəki zavodu dizel yanacağı istehsalını 11 %-dən çox azaldıb

Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 496 min 184 tondan çox dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 63 min 271 ton və ya 11,3 % azdır.

Ümumilikdə, 2023-cü ilin sentyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 303 min 541 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 104 min 440 ton və ya 7,42 % azdır.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.