“SOCAR Turkiye Enerji” şirkətinin ölkədəki qaz biznesinə investisiyalarının ümumi həcmi 209 milyon ABŞ dolları təşkil edib.
“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında bildirib.
"Hazırda biz Kayseri və Bursanın qazlaşdırılmasını həyata keçiririk. “Kayserigaz” və “Bursagaz” qazpaylayıcı şəbəkələrinə investisiyaların ümumi həcmi 209 milyon ABŞ dolları təşkil edib", - o qeyd edib.
E.İbadovun sözlərinə görə, “Bursagaz” qazpaylayıcı şəbəkəsinin uzunluğu 7 703 km, “Kayserigaz” qazpaylayıcı şəbəkəsinin uzunluğu 7 118 km təşkil edir.
Onun sözlərinə görə, “Bursagaz”ın abunəçilərinin sayı 1,2 milyon, “Kayserigaz”ın abunəçilərinin sayı 700 mindir.
“SOCAR Turkiye Enerji”nin Türkiyədəki qaz paylama biznesinin satılması mümkünlüyünə toxunan E.İbadov hazırda şirkətin bir neçə təklifi öyrəndiyini qeyd edib.
"Bizim “Bursagaz” və “Kayserigaz” qazpaylayıcı şirkətlərimiz çox uğurla fəaliyyət göstərir və biz onları satışa çıxarmamışıq. Sadəcə aldığımız bir neçə maraqlı təklifi qiymətləndiririk. Ümid edirəm ki, tezliklə bu məsələ ilə bağlı qərar qəbul ediləcək. Biz bu təklifləri strateji maraqlarımıza, gələcək planlarımıza və maliyyə aspektlərimizə uyğunluq nöqteyi-nəzərindən qiymətləndiririk", - o bildirib.
Baş icraçı direktor əlavə edib ki, şirkətin növbəti beş il üçün strategiyasında qaz distribusiyası sahəsində genişlənmə nəzərdə tutulmayıb: "Ona görə də əgər belə bir satış baş tutarsa, bu, şirkətin strateji planlarına zidd olmayacaq".
Qeyd edək ki, “SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.