SOCAR-ın Karbamid Zavodunda mexaniki işlər dekabrda yekunlaşacaq - YENİLƏNİB

SOCAR-ın Karbamid Zavodunda mexaniki işlər dekabrda yekunlaşacaq - YENİLƏNİB Layihə üzrə işlərin 95%-i icra olunub
Energetika
27 Aprel , 2017 12:00
SOCAR-ın Karbamid Zavodunda mexaniki işlər dekabrda yekunlaşacaq - YENİLƏNİB
Report.az

İlk xəbər 11:53-də verilib

Bakı. 27 aprel. REPORT.AZ/ Sumqayıtda inşası davam edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunda mexaniki işlər bu ilin dekabr ayında tamamlanacaq.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft-Kimya" forumunda çıxışında Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, gələn ilin II rübündə zavod SOCAR-a təhvil veriləcək.

İndiyə qədər görülmüş işlər barədə məlumat verən X.Cəfərov bildirib ki, layihə üzrə işlərin 95%-i icra olunub: "Mühəndislik və satınalma işləri yekunlaşıb. Satınalma bu ilin yanvar ayında başa çatıb. Avadanlıqların 95%-i ölkədədir. Tikinti işləri 82% yekunlaşıb. Bu ilin iyun ayında elektrik enerjisi üçün kommunikasiya çəkilişi yekunlaşacaq".

Onun sözlərinə görə, hazırda tikinti işlərində 2 500-3 000 nəfər işçi çalışır, amma əməliyyat müddətində bu rəqəm 300-350 nəfər olacaq. X.Cəfərov qeyd edib ki, zavodun tikintisi çərçivəsində indiyə qədər 10 mln. adam/saat təhlükəsiz iş görülüb və bu göstərici 2018-ci ilin fevralında 15 mln. adam/saata çatacaq. 

Maliyyələşmə məsələsindən danışan zavod direktoru qeyd edib ki, bu məqsədlə 251 mln. avro krediti Koreyanın "Eximbank"ı (KEXİM) ayrır, 249 mln. avroluq kredit xətti isə KEXİM-in zəmanəti ilə "UniCredit", "Societe Generale", "Deutsche Bank" tərəfindən açılıb: "Layihə ilkin mərhələdə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib".

O, müəssisədə ildə 650-660 min ton karbamid istehsal olunacağını bildirib. Bunun 150-200 min tonu  daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub. "İxracda Türkiyə əsas marşrut olacaq. Bu ölkə ildə 1,5 mln. ton karbamid idxal edir. Gürcüstan, digər Qara dəniz və Aralıq dənizi ölkələri də ixrac marşrutları ola bilər".

"Karbamid Zavodu layihəsi Azərbaycanda yeganə layihədir ki, iki dövlət proqramı ilə icra olunur. Bu isə layihəyə xüsusi əhəmiyyət verir", - deyə X.Cəfərov qeyd edib. 

***

"Bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair Dövlət Proqramı" (2015-2020-ci illər) çərçivəsində tikilir. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları müvafiq olaraq "Haldor Topsoe" (Danimarka) və "Stamicarbon B.V" (Niderland) şirkətləridir. Layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri Finlandiyanın "Neste Jacobs Oy" şirkəti tərəfindən yerinə yetirilir", - deyə o əlavə edib.

Qeyd edək ki, Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid və 1 200 ton ammonyak istehsal edəcək.

Son xəbərlər

Orphus sistemi