SOCAR-ın İdarəsi Xəzəryanı ölkələrin neftçilərinə təlim keçməyi hədəfləyir
- 21 dekabr, 2019
- 09:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Xəzəryanı ölkələrdə çalışan neftçilərin təlimlərini də həyata keçirməyi hədəfləyir.
Bunu “Report”a SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov bildirib.
“Bizim hədəflərimiz böyükdür. Ən böyük hədəflərimizdən biri də gələcəkdə nəinki Azərbaycanda, Xəzəryanı ölkələrdə də çalışan neftçilərin təlimlərini həyata keçirmək yönündədir və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - o qeyd edib.
F.Süleymanov xatırladıb ki, SOCAR prezidenti Rövnəq Abdullayevin əmri ilə şirkətin təlim ehtiyaclarını ödəmək məqsədilə 2011-ci ildə bir mərkəzlə yaradılan idarənin hazırda 5 mərkəzi fəaliyyət göstərir. O vurğulayıb ki, hər bir mərkəz spesifikliyi ilə fərqlənir.
“Məsələn, Sumqayıt Təlim, Tədris Mərkəzi, əsasən, kimyaçılar üçün nəzərdə tutulub. Bu mərkəz “Azərikimya” İstehsalat Birliyinin, Karbamid və “SOCAR Polymer” zavodlarının təlim ehtiyaclarını ödəyir. “Qala” Təlim Tədris Mərkəzi mühafizəçilər, mülki müdafiə, fövqəladə vəziyyətə hazırlıqla bağlı yaradılmış təlim mərkəzidir. Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində dənizdə sağqalma, dalğıcların hazırlanması, xilasedici matrosların hazırlanması, ümumiyyətlə, dənizdə işləyən bütün işçilər üçün əməyin mühafizəsi təhlükəsizlik texnikası qaydaları mükəmməl sistem şəklində öyrədilir”, - o bildirib.
İdarə rəisinin sözlərinə görə, üç mərkəzdə fəhlə hazırlığı, iki mərkəzdə isə mühəndis hazırlığı həyata keçirilir: “Bu hazırlığı həyata keçirmək üçün beynəlxalq standartlardan istifadə edirik və beynəlxaq akkreditasiyalarımız mövcuddur. İlk dəfə Azərbaycanda təlim mərkəzi olaraq Fransanın “Bureau Veritas” audit və inspeksiya şirkəti tərəfindən akkreditə olunmuşuq. Bu da o deməkdir ki, bizim bütün təlimlər beynəlxalq akkreditasiyalıdır. Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi Böyük Britaniyanın OPITO şirkəti tərəfindən akkreditə olunub. Bu da dənizdəki təlimlərin beynəlxalq gücünü və istiqamətini müəyyən edir. Dalğıcların hazırlanması üçün IMCA sertifikatına layiq görülmüşük ki, bu da dalğıcların hazırlığının beynəlxalq səviyyədə həyata keçirilməsinə böyük imkanlar və töhfələr verir.
İdarəmiz keyfiyyətli idarəetmə sistemi, ətraf mühitin qorunması üçün 14001 idarəetmə sistemi və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üçün 45001 idarəetmə sistemi beynəlxalq sertifikatlarına malikdir. Bu işləri həyata keçirmək üçün bizə laboratoriyalar lazımdır. Laboratoriyalarımız da beynəlxalq akkreditasiyalıdır”.
F.Süleymanov həmçinin bildirib ki, SOCAR-da çalışan 3 min nəfərdən çox qaynaqçının hazırlığı, attestasiyası, yoxlanılması idarədə həyata keçirilir: “Məsuliyyətli konstruksiyaların inşa edilməsində qaynaq mühüm amildir. Bu qaynaqçıların hazırlanması SOCAR-da prioritet məsələdir. Biz Almaniyanın “Technischer Überwachungs-Verein (TÜV) Thüringen e.V” şirkəti tərəfindən qaynaqçıların hazırlanması üçün beynəlxalq şəhadətnamə almışıq. Bu da qaynaqçıların beynəlxalq akkreditasiyasını həyata keçirməyə imkan verir”.
İdarə rəisi sertifikatlaşdırma sahəsində də görülən işlərdən danışaraq bildirib ki, SOCAR müəssisələrində beynəlxalq standartların tətbiqi, monitorinqlərin keçirilməsi İdarənin fəaliyyət istiqamətlərindən biridir: “Qürurla deyə bilərik ki, keçən il yüz mininci sertifikatı təqdim etdik. Biz nəinki SOCAR-da, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən bütün sənaye müəssisələrinə təlimlər keçirik. Sifarişçilərimizin məmnunluğunu görürük. Bu da onu göstərir ki, biz Azərbaycanda təlim şirkəti olaraq birincilər sırasındayıq. Azərbaycan Prezidentinin “Neft kapitalını insan kapitalına çevirmək” məsəli bizim idarə üçün əsas vacib məsələdir və prioritetdir. Bu istiqamətdə böyük işlər görmüşük”.
O, bütün tədris proqramlarının vaxtaşırı yeniləndiyini, proqramların müasir dövrün tələblərinə tam cavab verdiyini də əlavə edib: “İmtahanlarımız test imtahanları formasında həyata keçirilir. İmtahanları tamamilə başqa qurum həyata keçirir. Tələbə tədrisə qoşulur, təhsili bitdikdən sonra tamamilə bu işlərdən kənar bir xidmət tərəfindən tələbələrin bilikləri yoxlanılır və biliklər nəticəsində beynəlxalq sertifikatlara layiq görülürlər. Sistemin qurulması və inkişaf etdirilməsi daim davam edir. Bu gün də biz yeni texnika və texnologiyanın tətbiqi ilə bağlı müxtəlif şirkətlərlə məsləhətləşmələr aparırıq. Azərbaycanda ən böyük simulyatorlar bizim idarədə yerləşir. Bizdə iki kreslolo qazma simulyatoru var ki, həm qazmaçı, həm qazmaçı köməkçisini eyni zamanda hazırlamaq mümkündür. Bundan başqa, qaynaq simulyatorumuz, emal simulyatorumuz var və müasir dövrün tələblərinə tam cavab verir”.