SOCAR Gürcüstana satdığı neft məhsullarının həcmini açıqlayıb

Energetika
  • 22 oktyabr, 2024
  • 08:43
SOCAR Gürcüstana satdığı neft məhsullarının həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-2023-cü illər ərzində Azərbaycandan Gürcüstan bazarına 4 milyon 521 min 337 ton müxtəlif növ neft məhsulları tədarük edib.

Bu barədə “Report” SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadən xəbər verir. 2023-cü il üzrə isə bu göstərici 76 min 622 ton təşkil edir.

Hesabata görə, bu ilin əvvəlinə Gürcüstanda “SOCAR” brendi altında 108 yanacaqdoldurma məntəqələri (YDM) müştərilərə yüksək səviyyəli xidmət göstərir.

“SOCAR Georgia Petroleum” 13 xidmət mərkəzi və 4 neft məhsulları terminalına malikdir. YDM-də mayeləşdirilmiş təbii qaz (LPG), sıxılmış təbii qaz (CNG), dizel yanacağı və müxtəlif oktanlı yüksək keyfiyyətli benzin satılır. Şirkətə məxsus YDM-də satılan dizel yanacağı və benzin Avropa ölkələrindən idxal olunur və tam olaraq “Avro-5” standartlarının tələblərinə uyğundur.

Həmçinin, Gürcüstanda ilk dəfə olaraq elektrik enerjisi ilə işləyən avtomobil sahibləri ölkənin əsas yollarında və Tbilisi şəhərində şirkətin 15 YDM-də 19 nöqtədə öz maşınlarını elektrik enerjisi ilə təmin edən aparatlardan yararlanırlar.

2021-ci ildə bir YDM-də maksimum gücü illik 39,6 kVt, 2023-cü ildə isə gücü 28 kVt olan günəş panelləri stansiyası quraşdırılaraq istismara verilib. Hər iki stansiyada istehsal olunan 74 min kilovat/saat elektrik enerjisi müəssisənin daxili tələbatı üçün istifadə edilib. Hazırda şirkətin 4 obyektində analoji olaraq, illik gücü 1,7 meqavat təşkil edəcək stansiyaların qurulması üzrə layihələndirmə işləri aparılır.

Qeyd edək ki, SOCAR-ın Gürcüstandakı törəməsi topdan və pərakəndə fəaliyyəti ilə yanaşı, “SOCAR Energy Georgia” tərəfindən yanacaqdoldurma məntəqələrinin (YDM) inşası və istismarı, neft məhsulları terminalları və nəqliyyat vasitələri ilə təchizat, idxal əməliyyatlarının həyata keçirilməsi kimi funksiyalar da yerinə yetirilir. Sadalanan fəaliyyət növlərini həyata keçirtmək üçün “SOCAR Georgia Gas”, “SOCAR Georgia Petroleum” və “SOCAR Georgia Security” kimi hüquqi cəhətdən tam olaraq “SOCAR Energy Georgia”ya məxsus olan törəmə şirkətlər yaradılıb. “SOCAR Georgia Petroleum” şirkəti YDM-lərin inşası və istismarı məqsədilə 2006-ci ildə təsis edilib və 2010-cu ilin sonu üçün şirkətə məxsus YDM-lərin sayı artıq 60-a çatdırılıb.