SOCAR Gürcüstan fermerlərinə daha bir il dəstək olacaq

SOCAR Gürcüstan fermerlərinə daha bir il dəstək olacaq Gürcüstanda fermerlərin aqrodizelin güzəştli qiymətlərlə əldə etməsi ilə bağlı dövlət proqramı 2021-ci ilin sonunadək davam etdiriləcək.
Energetika
29 Yanvar , 2021 10:41
SOCAR Gürcüstan fermerlərinə daha bir il dəstək olacaq

Gürcüstanda fermerlərin aqrodizelin güzəştli qiymətlərlə əldə etməsi ilə bağlı dövlət proqramı 2021-ci ilin sonunadək davam etdiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə “Socar Georgia Petroleum” şirkəti arasında memorandum imzalanıb.

Sənədi ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili və “Socar Georgia Petroleum” şirkətinin baş direktoru Levan Giorqadze imzalayıblar. Mərasimdə “Socar Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak ediblər.

L.Davitaşvili bildirib ki, “Socar Georgia Petroleum” şirkəti ilə əməkdaşlıq nəticəsində 2020-ci ildə aqrodizel proqramı uğurla həyata keçirilib. Onun sözlərinə görə, 125 min fermer bu proqramdan yararlanıb və 7 milyon laridən çox vəsaitə qənaət olunub.

M.Məmmədov öz növbəsində deyib ki, pandemiya iqtisadiyyat üçün bir sıra problemlər yaradıb: “2021-ci ilin də bu baxımdan asan olmayacağını hesab edirik. Ötən il biz memoranduma əsasən fermerlərə dizel yanacağını güzəştli qiymətlərlə təklif etdik və bu da iqtisadiyyata dəstək oldu. Bu il də əməkdaşlığın uğurlu olacağına ümid edirik”.

Qeyd edək ki, dövlət dəstək proqramından 0,25 hektardan az olmayan kənd təsərrüfatı torpağına sahib fiziki və hüquqi şəxslər istifadə edə bilirlər. Proqrama əsasən, 1 hektar sahə üçün dizel yanacağı limiti 150 litr təşkil edir və fermerlər yanacağı 16-20 tetri ucuz qiymətə əldə edə bilirlər.

Son xəbərlər

Orphus sistemi