“SOCAR Fiber” Qırmızı dənizdə marşrutların diversifikasiyası üçün saziş imzalayıb
- 02 iyul, 2024
- 13:20
Böyük Britaniyanın “Exa İnfrastructure” şirkəti sualtı kabellər üçün istifadə edilən ənənəvi Qırmızı dəniz dəhlizinə müxtəliflik əlavə edəcək yeni yerüstü fiber-optik xətti marşrutunun hazırlanması məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Fiber” şirkəti ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.
“Report”un Britaniya şirkətinin məlumata istinadən verdiyi xəbərə görə, saziş bu gün Türkiyənin Bodrum şəhərində keçirilən “Capacity Eurasia” tədbirində imzalanıb.
Məlumata görə, 1 850 km-lik yeni marşrut Türkiyə, Yunanıstan və Gürcüstan arasında keçəcək və Fars körfəzi regionu ilə əlaqəni təmin etmək üçün İraq sərhədinə doğru əlavə tikinti işlərini əhatə edəcək.
EXA-nın şəbəkə investisiyaları üzrə baş vitse-prezidenti Stiv Roberts bildirib ki, regiondakı yerüstü marşrutlar bir neçə ildir ki, bütün sənayenin inkişafı üçün mühüm sahə olub və lartıq indi prioritet hesab edilir: “Qırmızı dəniz bölgəsinin həssaslığı sənayenin müxtəlifliyə daha çox investisiyaya ehtiyacı olduğunu göstərib. Biz marşrut müxtəlifliyinə sərmayə qoymağa və müştərilərimizin mümkün qədər çox təhlükəsiz marşrutla Avropa və Şimali Amerikaya çıxışını təmin etməyə sadiqik. SOCAR ilə bu əməkdaşlıq Qırmızı dənizdən Türkiyəyə və Avropanın digər ölkələrinə ultra etibarlı və yüksək miqyaslı alternativ təqdim edir”.
Onun sözlərinə görə, bu tərəfdaşlıq Türkiyənin rəqəmsal ekosistemdəki rolunu və Avropa, Yaxın Şərq və Asiya arasında müxtəlif rəqəmsal dəhlizlərin əhəmiyyətini vurğulayır.
Qeyd edək ki, “SOCAR Fiber” kabelləri Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) yanında çəkilərək İtaliyaya Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə qaz kəmərindən istifadə edən “Exa” şirkətinin “Trans Adriatic Express” şəbəkəsi ilə yüksək səviyyədə etibarlılıq və qüsursuz inteqrasiyanı təmin edir.
"SOCAR Fiber" şirkəti "SOCAR Türkiyə"nin törəməsidir. 2013-cü ildən etibarən TANAP marşrutu boyunca 1850 km uzunluğunda fiber-optik infrastrukturu üzərindən təhlükəsiz elektron kommunikasiya infrastrukturu xidmətləri göstərir. Türkiyəni şərqdən qərbə əhatə edən bu fiber-optik xətt 20 vilayət və 67 rayona xidmət edir. "EXA Infrastructure" ilə əməkdaşlıq sazişi "SOCAR Fiber"in sektordakı mövqeyini gücləndirir və şirkət gələcəkdə Türkiyənin rəqəmsal transformasiyasına əhəmiyyətli töhfə verməyə davam edəcək. Fiber-optik kabelin bir cüt ucunun icarəyə verilməsindən əlavə, saziş "EXA Infrastructure"a "SOCAR Fiber"in digər kabel uclarını böyük dünya data mərkəzi operatorlarına satmağa imkan verir.
Xatırladaq ki, "EXA Infrastructure" portfel şirkəti Şimali Amerika ilə Asiyanı Yaxın Şərq vasitəsilə birləşdirən Avropanın ən böyük ixtisaslaşmış rəqəmsal infrastruktur platformasıdır. Davamlı şəbəkələrin qurulmasında 20 ildən çox təcrübəyə malik olan "EXA Infrastructure", rəqəmsal və iqtisadi artımın təməlini təşkil edən kritik müasir infrastrukturu və misilsiz mühəndislik təcrübəsini təmin edir. Buraya hökumətlər və müəssisələr üçün kritik şəbəkələr, dünyanın ən innovativ və təsirli şirkətləri üçün hiper miqyaslı infrastruktur, eləcə də maliyyə, oyun və yayım xidmətləri üçün ultra aşağı gecikmə və yüksək ötürmə qabiliyyətli şəbəkələr daxildir. Mənzil-qərargahı Londonda yerləşən şirkət, 34 ölkədə 151 000 kilometr fiber-optik şəbəkəyə sahibdir və bura altı transatlantik kabel və Avropa ilə Şimali Amerika arasında ən aşağı gecikmə ilə kanal daxildir.