Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov “Statoil” şirkətinin beynəlxalq layihələr portfoliosu üzrə insan resursları (HR) vitse-prezidenti xanım Beate Hamre Dek, beynəlxalq əməliyyatlar üzrə insan resursları meneceri Andre Steynset Matyesen və “Statoil”un Azərbaycan ofisinin insan resursları, maliyyə və biznesə dəstək meneceri Emin Xəlilovla görüşüb.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, X.Məmmədov bildirib ki, şirkətlər arasında insan resurslarının idarə edilməsi prosesinə dair fikir mübadiləsi xüsusi əhəmiyyət daşıyır və fəaliyyətin effektivliyinə mühüm töhfə verə bilər. SOCAR-da həyata keçirilən insan resursları funksiyalarının transformasiya layihəsi haqqında məlumat verən şirkətin vitse-prezidenti son illərdə bu istiqamətdə bir neçə layihənin uğurla reallaşdırıldığını qeyd edib və SOCAR-ın insan resurslarının idarə edilməsi (İRİE) fəaliyyətinin qurulmasında sosial məsuliyyətin vacib amil olmasını diqqətə çatdırıb.
Daha sonra “Statoil” şirkətinin beynəlxalq layihələr portfoliosu üzrə HR vitse-prezidenti görüşün ikitərəfli əməkdaşlıqda mühüm rol oynayacağına əminliyini ifadə edib və təmsil etdiyi şirkətin HR strukuru və funksiyaları barədə məlumat verib. Həmçinin, “Statoil”un beynəlxalq əməliyyatlar üzrə HR meneceri HR funksiyalarının icrasında qarşılaşdıqları problemlərdən söz açıb.
“Statoil” nümayəndələri SOCAR mütəxəssislərinin HR prosesləri ilə bağlı suallarını cavablandırıb və suallar ətrafında müzakirələr aparılıb. Məlum olub ki, İRİE sisteminin qurulması dünyanın bütün iri neft şirkətlərində hər zaman çətinliklər doğurur və dəyişikliklərin tətbiqi güclü müqavimətlə qarşılanır. “Statoil” şirkəti də mövcud bazar reallıqlarını nəzərə alaraq hazırda HR transformasiya proqramını tətbiq etmək ərəfəsindədir.
Görüşün sonunda qarşılıqlı korporativ simvolik hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.