​SOCAR-da Almaniyanın Türingen federal torpağının parlament qrupu ilə görüş olub

​SOCAR-da Almaniyanın Türingen federal torpağının parlament qrupu ilə görüş olub Qonaqlara Azərbaycanda və regionda həyata keçirilən əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilib
Energetika
23 İyun , 2015 13:19
​SOCAR-da Almaniyanın Türingen federal torpağının parlament qrupu ilə görüş olub

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Almaniya Bundestaqının üzvü Mark Hauptmanın rəhbərlik etdiyi Türingen federal torpağının parlament qrupunun üzvləri ilə görüş keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Almaniya ilə Azərbaycan arasında zəngin tarixə malik münasibətlərin bu gün bütün sahələrdə uğurla inkişaf etməsini məmnunluqla vurğulayıb.

Qəbul üçün qonaqlar adından minnətdarlığını bildirən M.Hauptman nümayəndə heyəti üzvlərini təqdim edib. O, SOCAR-ın liderliyi ilə həyata  keçirilən TANAP və TAP layihələrinə Almaniyada böyük maraq olduğunu söyləyib və bu layihələr, habelə Azərbaycanda həyata keçirilən digər əhəmiyyətli neft-qaz layihələri haqqında geniş məlumat almaq istədiklərini qeyd edib.

E.Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixində önəmli yeri və rolu haqqında qonaqlara məlumat verib, Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıraraq, ötən əsrin əvvəllərində xarici sərmayədarların, o cümlədən alman iş adamlarının buradakı fəaliyyəti haqqında danışıb.

Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında danışan SOCAR-ın vitse-prezidenti E.Nəsirov və onun müavini Vitali Bəylərbəyov son illər həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açıb, almaniyalı deputatları maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Qonaqlara Cənub Qaz Dəhlizi və onun tərkib hissələri, “Şahdəniz” yatağının ehtiyatları və işlənilmə mərhələləri, TANAP və TAP kəmərlərinin iştirakçı və istehlakçıları, layihənin Avropanın enerji təhlükəsizliyində rolu və s. haqqında informasiya verilib.

Almaniyanın Türingen federal torpağının parlament qrupu üzvləri Azərbaycan, onun yüksəlişdə olan iqtisadiyyatı barədə məlumatlardan öz fəaliyyətlərində yararlanacaqlarını söyləyiblər.

Son xəbərlər

Orphus sistemi