SOCAR Cənubi Afrikada LNG zavodunun tikintisində iştirak edə bilər

Energetika
  • 23 noyabr, 2023
  • 10:00
SOCAR Cənubi Afrikada LNG zavodunun tikintisində iştirak edə bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Cənubi Afrika Respublikasında mayeləşdirilmiş təbii qaz (LNG) zavodun tikintisində iştirak edə bilər.

Bu barədə “Report” Afrika Respublikasında dərc edilən “amaBhungane” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Cənubi Afrika Respublikasının milli neft və qaz korporasiyası olan “Petroleum, Oil and Gas Corporation of South Africa” (PetroSA) şirkəti bu ilin yanvar ayında tender elan edib. Tenderdə bu ölkədə LNG zavodunun yenidən qurulmasına 200 milyon ABŞ dolları və ya daha çox investisiya yatırmaq istəyən tərəfdaşlar iştirak edə bilərlər.

Nəşrin məlumatına görə, bu layihədə iştirak üçün 20 şirkət marağını ifadə edib. Bu şirkətlərdən "qeyri-adi ciddi texniki meyarlar"a lakin Rusiya “Qazprombank”ının törəmə şirkəti olan "GPB Africa & Middle East”in təklifləri uyğun gəlib.

Ancaq tenderin Qiymətləndirilmə Komissiyası və “PetroSA”nın Direktorlar Şurası sanksiyalar səbəbindən “Qazprombank”la əməkdaşlığa görə narahatçılığını bildirib və digər iddiaçılarla, xüsusən də SOCAR və ya Çin Milli Maşınqayırma Korporasiyası (CMR+EC) ilə danışıqlara başlamağı tövsiyə edib.