"Sumqayıt neft təhvili məntəqəsində təmir-tikinti işlərinin yekunlaşdırılaraq yeni çəkilmiş xətt ilə birləşdirmənin həyata keçirilməsi üçün 700 mm-lik Böyükşor-Sumqayıt boru xəttindən neftin boşaldılmasına hazırlıq işləri görülür".
SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin müşaviri Səbuhi Şəldiyev “Report”a deyib ki, boru xəttinin mühafizə zonası bəzi insanlar tərəfindən zəbt olunduğundan SOCAR-ın Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölümünün əməkdaşları tərəfindən neft kəmərində müvafiq təmir-bərpa işlərinin aparılması xeyli çətinləşib:
"Belə ki, boru xəttinin Abşeron rayonu Ceyranbatan qəsəbəsindən keçən hissəsində mühafizə zonasında yaşayış evləri tikilib və boru xətti həyətyanı sahələrdən keçir. Hətta boru xəttinin 30,04 km-də yerləşən siyirtmə də vətəndaş İlqar Yusifovun həyətyanı sahəsində qalıb. Nəticədə hər hansı qəza və ya təmir işləri zamanı boru xəttində neft axınının dayandırılması üçün ev sahibindən icazə alındıqdan sonra həmin siyirtməni bağlamaq mümkün olur. Bu isə neft kəmərinin mühafizəsini, zəruri hallarda texniki xidmətin göstərilməsini, eləcə də hər hansı qəza zamanı operativ müdaxilə imkanlarını, xüsusi texnikaların işləməsini xeyli məhdudlaşdırır. Bundan başqa, neft sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün təhlükə yaradır".
Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir.