Yuxarı
    Bağlamaq

    SOCAR Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarını Sofiyada müzakirə edib

    Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov arasında Bolqarıstanın qazlaşdırılması proqramında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mümkün iştirakının araşdırılmasına dair əldə edilmiş razılaşmaya əsasən, SOCAR-ın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Bolqarıstanın əlaqədar qurumları ilə müzakirələr aparmaq məqsədi ilə Sofiya şəhərinə səfər edib.

    SOCAR-dan “Report”a verilən məlumata görə, nümayəndə heyətinin ilk görüşü Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova ilə olub. T.Petkova SOCAR-a Bolqarıstanın qazlaşdırılmasında iştirak etmək perspektivi ilə bağlı hökümətin mümkün dəstəyini ifadə edib. 

    SOCAR prezidentinin müşaviri, “SOCAR Balkans” şirkətinin icraçı direktoru Murad Heydərov öz növbəsində Cənub Qaz Dəhlizi layihəsinin icrasında cari vəziyyət barədə məlumat verib. 

    Sonra İCGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsi, “Bulgartransgaz” şirkətinin icraçı direktoru Vladimir Malinov isə qaz infrastruktunun inkişafı proqramı çərçivəsində həyata keçirilən layihələr barədə məlumat veriblər. 

    Daha sonra mütəxəssislər arasında müzakirələr aparılıb.

    SOCAR nümayəndə heyəti ilə Bolqarıstan Su və Enerji məsələləri üzrə Tənzimləyici Orqanı arasında görüş keçirilib. Tənzimləyici Orqanın İdarə Heyətinin sədri professor İvan İvanov və idarə heyətinin digər üzvləri Tənzimləyici Orqanın fəaliyyət istiqamətləri, Bolqarıstanın qaz sektorunda mövcud qanunvericilik və tənzimləyici aktlar barəsində məlumatlar veriblər. SOCAR nümayəndə heyətinin müvafiq sorğularının cavablandırılması məqsədilə qaz paylayıcı sistemin inkişafı ətrafında mövcud lisenziya məsələləri, hüquqi və maliyyə aspektləri və texniki tələblər barəsində geniş tərkibdə müzakirələr aparılıb. Gələcəkdə tərəflər arasında bu istiqamətlərdə danışıqların davam etdirilməsi nəzərdə tutulur.

    Xatırladaq ki, 2 qitə və 6 ölkə üzərindən inşa edilən Cənub Qaz Dəhlizi meqalayihəsinin 3 seqmenti – “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və TANAP layihəsinin Türkiyəyədək olan hissəsi artıq bu ildə başa çatdırılacaq. 2020-ci ildən etibarən Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP boru kəməri ilk qaz həcmlərini Avropa ölkələrin bazarlarına çatdıracaq. “Şahdəniz” yatağında əldə edilən qazın bir qismi, zəmanət əsasında Azərbaycanın daxili tələbatına yönləndiriləcək. İldə 6 mlrd. kubmetr qazın Türkiyə bazarına, 10 mlrd. kubmetr qazın isə Avropa bazarına satışı nəzərdə tutulur. Cənub Qaz Dəhlizi üzrə nəql edilməsi nəzərdə tutulan təbii qazın bir hissəsinin Balkan ölkələrinin bazarlarında da reallaşdırılması üçün həmin ölkələrdə qazpaylayıcı şəbəkələrin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi