SOCAR AÇG blokunda laylardan neft hasilatının əmsalının artırılmasını planlaşdırır

SOCAR AÇG blokunda laylardan neft hasilatının əmsalının artırılmasını planlaşdırır Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda laylardan neft hasilatının əmsalının artırılmasını planlaşdırır.
Energetika
6 İyun , 2024 12:52
SOCAR AÇG blokunda laylardan neft hasilatının əmsalının artırılmasını planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda laylardan neft hasilatının əmsalının artırılmasını planlaşdırır.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Forumunun II günündə deyib.

Onun sözlərinə görə, AÇG blokunda 30 ildir ki, hasilat həyata keçirilir: “Eyni zamanda, burada yüksək səmərəli quyular var. Layların hasilat əmsalı təxminən 30-40 % təşkil edir və bu da məqbul səviyyədir. Lakin biz bu rəqəmi daha da artırmaq, yəni 50 %-ə çatdırmaq istəyirik”.

B. Hüseynov qeyd edib ki, bu, yataqda yeni infrastrukturun tətbiqi sayəsində mümkün olacaq.

Xatırladaq ki, “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatırdı. Amma 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən, pay bölgüsü bu formadadır: Britaniyanın BP şirkəti (layihə operatoru) - 30,37 %, SOCAR – 25 %, Macarıstanın MOL şirkəti - 9,57 %, Yaponiyanın “Inpex Corp” şirkəti - 9,31 %, Norveçin “Equinor” şirkəti - 7,27 %, ABŞ-nin “ExxonMobil” şirkəti - 6,79 %, Türkiyənin TPAO şirkəti - 5,73 %, Yaponiyanın “ITOCHU Oil” şirkəti - 3,65 %, Hindistanın “ONGC Videsh” şirkəti - 2,31 %.

Son xəbərlər

Orphus sistemi