Səngəçal terminalından “Şahdəniz” qazının ixracı təxminən 4 %-dən çox artıb
- 12 fevral, 2024
- 10:40
Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 230 milyon barel neft və kondensat ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2023-ci ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 2 milyon barel və ya 0,87 % azdır.
2023-cü ildə o cümlədən 229 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilib ki, bu da 2022-ci illə müqayisədə 4 milyon barel və ya 1,8 % çoxdur.
Ötən il 1 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu da 2022-ci illə müqayisədə 6 milyon barel və ya 85,7 % azdır.
2023-cü ildə terminaldan həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (2,515 milyard standart kubfutdan artıq) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 3 milyon kubmetrdən və ya 4,42 % çoxdur.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.