Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azərbaycanla Almaniya arasında bir çox istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurlu əməkdaşlıq mövcuddur".
“Report” xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ölkəsinin Milli Birlik günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda jurnalistlərə deyib.
“Bunu Almaniyanın kansleri Angela Merkelin son səfəri də ortaya qoyub. Siyasi baxımdan ölkələrimiz parlament və hökumət səviyyəsində əməkdaşlıq edirlər. İki ölkə arasında iqtisadi əlaqələri də çox yüksək qiymətləndiririk. Bildiyiniz kimi, Almaniya "Cənub Qaz Dəhlizi" layihəsinə dəstək verir”, - diplomat qeyd edib.
M.Kindsqrab bildirib ki, iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi də zəruridir: “Azərbaycanda alman dilinə maraq gündən-günə artır. Ötən ildən Höte adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb”.