Rövnəq Abdullayev: “Son 2 ildə SOCAR qazma işlərini 66% artırıb”

Rövnəq Abdullayev: “Son 2 ildə SOCAR qazma işlərini 66% artırıb” Bakı. 7 fevral. REPORT.AZ/ “Son 2 il ərzində SOCAR qazma işlərinin ümumi həcmini 66% artırıb”.
Energetika
7 Fevral , 2019 18:21
Rövnəq Abdullayev: “Son 2 ildə SOCAR qazma işlərini 66% artırıb”

Bakı. 7 fevral. REPORT.AZ/ “Son 2 il ərzində SOCAR qazma işlərinin ümumi həcmini 66% artırıb”.

“Report” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a müsahibəsində bildirib:

“Bizim qazmaçılar və hasilatçılar Xəzər dənizinin geoloji baxımdan ən mürəkkəb yataqlarında işlədiklərinə baxmayaraq, 2015-ci ildən bəri “Bulla Dəniz” və “Ümid” yataqlarında 1 000 atmosferə yaxın təzyiq altında 6 000 metrdən çox dərinlikdə 4 quyu qazaraq təhvil veriblər. “Ümid” yatağında qazılan yeni quyunun dərinliyi isə artıq 6 810 metrə çatdırılıb, onun qazılması yaxın zamanda tamamlanacaq”.

Onun sözlərinə görə, Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında hasilat artırılır. “Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq, “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır”, - SOCAR prezidenti qeyd edib.

O məlumat verib ki, “Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib.

R.Abdullayev “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görüldüyünü bildirib.

Bundan başqa, SOCAR prezidenti qeyd edib ki, BP şirkəti ilə müştərək işlənilən D230 layihəsi üzrə cari ildə qrafikə uyğun olaraq, ilkin seysmik kəşfiyyat işləri aparılmalıdır. O xatırladıb ki, həmçinin BP ilə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinin aparılması üçün süni adanın salınması məsələsi də nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi