“Romgaz” və SOCAR Rumıniyada LNG terminalına investisiya qoymaq istəyir
- 04 aprel, 2024
- 06:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Rumıniyanın ən böyük təbii qaz istehsalçısı “Romgaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Konstansa limanında yenidən qazlaşdırma terminalına investisiya qoymaq istəyir.
“Report”un Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Sebastyan-İoan Burduja bu yaxınlarda Azərbaycana işgüzar səfəri zamanı həmkarı Pərviz Şahbazovla keçirdiyi görüşündən danışarkən bildirib.
Onun sözlərinə görə, “Romgaz” və SOCAR tərəfindən Konstansa limanında mayeləşdirilmiş təbii qaz (LNG) terminalının tikintisi üzrə birgə layihənin texniki-iqtisadi əsaslandırması tamamlanıb.
O xatırladıb ki, “Romgaz” 2022-ci ildə SOCAR ilə Qara dənizdə LNG terminalının tikintisinə birgə investisiyalar haqqında anlaşma memorandumu imzalayıb. Layihə LNG terminalı və yenidən qazlaşdırma terminalından, həmçinin Xəzər regionundan qazın Rumıniyaya nəqli üçün lazım olan digər qurğu və strukturlardan ibarətdir.
S. Burduja qeyd edib ki, “Romgaz” və SOCAR bu yaxınlarda texniki-iqtisadi əsaslandırmanı tamamlayıblar: “Nəticələr müsbətdir və ilin sonuna qədər layihə şirkətinin strukturu sabit olacaq. Həmçinin Qara dənizdə LNG terminalının maliyyələşdirilməsi üzrə lazımi vəsait ayrılacaq”.
Xatırladaq ki, bu layihə bir vaxtlar AGRI adlanırdı. Layihənin məqsədi Azərbaycan qazını Gürcüstan və Qara dəniz vasitəsilə Avropa bazarına çatdırmaqdır.
S. Burduja bildirib ki, Rumıniya Konstansa limanında terminalın tikintisini maliyyələşdirməyə hazır olduğunu nümayiş etdirib: “İlin sonuna qədər layihə şirkətinin strukturu və lazımi maliyyələşmə müəyyənləşəcək. Rumıniya üçün investisiya bizim enerji mərkəzi kimi mövqeyimizi gücləndirəcək, Avropa üçün isə Rusiya qazına yeni alternativ olacaq”.
Keçirilən görüş zamanı müzakirə olunan digər layihə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan marşrutu üzrə Qara dənizdə sualtı enerji kabelinin çəkilməsi olub.
O bildirib ki, “Yaşıl dəhliz: Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan marşrutu üzrə enerji ötürülməsi üzrə inşa edilən kabel xətti texniki-iqtisadi əsaslandırma mərhələsindədir: "Bunun ardınca layihə şirkətinin istismara verilməsi, Avropa vəsaitlərinin cəlb edilməsi və texniki sənədlərin işlənməsi başa çatdıqdan sonra yekun investisiya qərarının qəbulu gözlənilir. Layihə Rumıniyaya yeni enerji bazarına çıxışı təmin edəcək, milli enerji sisteminin təhlükəsizliyini gücləndirəcək və uzunmüddətli perspektivdə "yaşıl" enerjinin daha aşağı qiymətlərlə təchizatına töhfə verəcək”.