Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində baş tutub.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiyanın məqsədi quşçuluq müəssisəsi və istixana sahiblərinin problem və təkliflərini dinləmək olub.
İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, eləcə də İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin nümayəndəsi Adil Əhmədov sahibkarları maraqlandıran sualları cavablandırıblar. “Səyyar qəbul otağ”ının imkanlarından sahibkarlarla yanaşı, qəsəbə sakinləri də yararlanıblar. Vətəndaşlar fərdi yaşayış evlərinin qazlaşdırılmasını "Azəriqaz"ın rəhbər şəxslərindən xahiş ediblər.
Bu gün təşkil olunan aksiya sayca 18-cidir. Bundan əvvəlki 17 aksiyanın 3-ü tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə, digər 14-ü isə Bakı və Bakıətrafı qəsəbələrdə, həmçinin ayrı-ayrı regionlarda vətəndaşların iştirakı ilə keçirilib. Təşkil olunan aksiyalarda qaldırılan məsələlər müsbət istiqamətdə həllini tapıb.