“Özbəkneftqaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın aylarda Özbəkistan şirkətinin “Şahdəniz” layihəsinə daxil olmasına dair saziş imzalaya bilər.
"Report" xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz SOCAR-ın Özbəkistanda neft və təbii qaz hasilatı layihələrində iştirakı ilə bağlı danışıqlar aparırıq. Eynilə, “Özbəkneftqaz”ın qaz hasilatı layihələrində iştirakı məsələsi hazırda müzakirə olunur və bu danışıqlar yekun mərhələdədir”, - o qeyd edib.
Jurnalistlərin bunun “Şahdəniz” layihəsinə aid olub-olmaması ilə bağlı sualına özbəkistanlı nazir müsbət cavab verib.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).