Özbəkistan və Qazaxıstan Mərkəzi Asiyadan elektrik enerjisini “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropaya ötürülməsində maraqlıdır.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə bildirib.
Məlumata görə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə “yaşıl enerji”nin ötürülməsinin mühüm rol oynayacağı vurğulanıb. Layihənin strateji əhəmiyyəti Azərbaycanla Avropa İttifaqı, o cümlədən Macarıstan arasında körpü yaratması aspektində dəyərləndirilib.
P. Siyarto ilə görüşdə “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə nazirlər iclasının nəticələrindən məmnunluq ifadə edilib və Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyətindən bəhs olunub. Azərbaycandan uzunmüddətli əsasda qaz tədarükünün perspektivləri, eləcə də neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlığın inkişafı müzakirə edilib.
P. Şahbazov Macarıstanın energetika naziri Csaba Lantos ilə də görüşü olub. Macarıstanla karbohidrogen və “yaşıl enerji” sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi energetika naziri C. Lantos ilə görüşdə də davam etdirilib. MOL və MVM şirkətləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin “yaşıl enerji dəhlizi” layihəsinin Texniki İqtisadi Əsaslandırma (TİƏ) prosesi, elektrik enerjisinin Avropaya ötürülməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə (ENTSO-E) qoşulma ilə əlaqəli proseslərə Macarıstan tərəfindən təcrübə dəstəyinin verilməsi razılaşdırılıb.