Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 8 %-dək artıb

Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 8 %-dək artıb Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
Energetika
4 Fevral , 2021 14:50
Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 8 %-dək artıb

Bu ilin üç rübü ərzində “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, 31 dekabrda “Şahdəniz” yatağından ilk dəfə olaraq Avropaya yeni Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqli başlanıb. CQD “Şahdəniz” yatağından başlayır və “Şahdəniz”dən Avropa bazarlarına qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3 500 km uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir. Bu mühüm nailiyyət nəticəsində “Şahdəniz” Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı mənbəyinə çevrilib.

2020-ci ildə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 18,1 mlrd standart kubmetr qaz və 3,6 mln ton (29 mln barel) kondensat hasil edilib.

Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi 2019-cu ilin göstəriciləri ilə müqayisədə 1,3 mlrd kubmetr və ya 7,7 % çox, kondensat hasilatının həcmi 0,1 mln ton və ya 2,85 % çoxdur.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), "AzSD" (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi