Ötən il “Petkim”in fəaliyyətinin optimallaşdırılmasına yatırılan investisiyalar açıqlanıb
- 24 may, 2024
- 13:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2023-cü ildə Türkiyədəki yatırımı olan “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına yatırdığı investisiyalar 3,2 milyard türk lirəsi (indiki məzənnə ilə 99,2 milyon ABŞ dolları) təşkil edib.
"Report" bu barədə "Petkim Petrokimya Holding"in 2023-cü ildə fəaliyyətinin yekunlarına dair illik hesabatına istinadən xəbər verir.
2022-ci ildə kompleksin inkişafına qoyulan investisiyaların 4 milyard 108 milyon türk lirəsi təşkil etdiyini nəzərə alsaq, ötən ilin yekunlarına görə onların həcmi 22,1 % azalıb.
Hesabata görə, 2023-cü ildə “Petkim”in istehsal həcmi 2,3 milyon ton (4,5 % çox) təşkil edib. Hesabat dövründə holdinq 1,88 milyon ton neft-kimya məhsulları satıb (2,6 % çox). “Petkim”in Türkiyə neft-kimya bazarındakı payı ötən il 12 % təşkil edib. Kompleksin istehsal gücündən istifadə əmsalı 2022-ci ildəki 63,9 %-ə qarşı 2023-cü ildə 66,1 % təşkil edib.
SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Turkey Enerji” şirkəti “Petkim Petrokimya Holding”ində nəzarət səhm paketinin (51 %) sahibidir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında kotirovka olunur.
Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.