Yuxarı

Ötən il Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 12% artıb

Bakı. 13 fevral. REPORT.AZ/ 2018-ci il ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 391 mln. ABŞ dolları sərf edilib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu məbləğin, təqribən, 39 mln. dolları əməliyyat xərcləri və 352 mln. dolları əsaslı xərclər olub.

Ötən il boru kəmərinin əməliyyat xərcləri əvvəlki illə müqayisədə 34% artıb, əsaslı xərcləri isə 55% azalıb.

İl ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü 23 mln. kubmetrdən çox olub ki, bu da 2017-ci ildən 12% çoxdur.

Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Məlumata görə, 2018-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Bu, iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib.

Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi