Nik Beyker: Britaniya Azərbaycanın COP29-a sədrliyi üzrə prioritetlərini dəstəkləyir - MÜSAHİBƏ

Nik Beyker: Britaniya Azərbaycanın COP29-a sədrliyi üzrə prioritetlərini dəstəkləyir - MÜSAHİBƏ BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan və Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizə, uyğunlaşma və bu təzahürün nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığ
COP29
30 Sentyabr , 2024 15:36
Nik Beyker: Britaniya Azərbaycanın COP29-a sədrliyi üzrə prioritetlərini dəstəkləyir - MÜSAHİBƏ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan və Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizə, uyğunlaşma və bu təzahürün nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığını gücləndirirlər. “Report”a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin COP29 şöbəsinin rəhbəri Nik Beyker (Nick Baker) iqlim dəyişikliyi ilə qlobal mübarizə kontekstində COP sessiyalarının əhəmiyyəti, COP29-a hazırlıq zamanı diqqət yetirilməli olan əsas vəzifələr barədə fikirlərini bölüşüb, həmçinin COP26-ya ev sahibliyi edən Böyük Britaniyanın konfransın təşkili məsələsində Azərbaycanla öz təcrübəsini necə bölüşdüyü barədə danışıb.

- İqlim dəyişikliyi dünya iqtisadiyyatına necə təsir edir və hansı iqtisadi itkilərə səbəb olur? COP sessiyalarının əhəmiyyətini necə qiymətləndirərdiniz?

- Sıfır karbon emissiyalı iqtisadiyyata keçid yeni sənaye sahələrinin və iş yerlərinin yaradılması da daxil olmaqla böyük imkanlar açır. İqlim dəyişikliyi ilə mübarizə xərcləri əgər heç bir şey etməsək lazım olacaq xərclərin kiçik bir hissəsini təşkil edir. İqlim dəyişikliyinin nəticələri, gördüyümüz kimi, dağıdıcı ola bilər. Qlobal temperaturun artması quraqlıqdan daşqınlara, meşə yanğınlarından qasırğalara qədər daha tez-tez və ekstremal hava hadisələrinə səbəb olur. Daha az aşkar nəticələr də var. Məsələn, hava şəraitinin dəyişməsi xəstəliklərin yayılmasına və heyvanların miqrasiya marşrutlarına təsir edir. Bu da iqtisadi nəticələrə səbəb ola bilər. Çox vaxt bu təsir inkişaf etməkdə olan iqtisadiyyatlara daha güclü təsir göstərir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) sessiyaları mühüm rol oynayır. Vacib aspekt ondan ibarətdir ki, bu, BMT-nin bütün üzv dövlətlərinin iştirakını əhatə edən yeganə çoxtərəfli prosesdir. İqlim dəyişikliyi bütün dünya dövlətlərindən cavab tələb edən qlobal çağırışdır. COP iqlim konfranslarında ölkələr iqlim dəyişikliyi ilə mübarizə tədbirləri barədə razılığa gəlirlər: emissiyaların azaldılması və onun nəticələrinə uyğunlaşma üzrə öhdəliklərin qəbulundan əldə edilmiş nəticələr barədə hesabatların verilməsinə qədər.

Əvvəllər COP-lar hökumətlərarası danışıqlar üçün platforma olsa da, indi bu konfranslar bütün cəmiyyət miqyasında iqlim fəaliyyəti üçün forumlara çevrilib və biznes, vətəndaş cəmiyyəti, elmi dairələr və s. cəlb edir.

- Böyük Britaniya COP29 ərəfəsində və zamanı Azərbaycanla ekoloji və iqlim məsələləri üzrə necə əməkdaşlıq etməyi planlaşdırır?

- Ölkəniz COP-a sədrliyi qəbul etməzdən çox əvvəl Britaniya və Azərbaycan uzun müddət etibarlı enerji tərəfdaşları olublar. Hər iki ölkəmiz qalıq yanacaqlardan uzaqlaşdıqca bu tərəfdaşlıq davam edir. Britaniya şirkətləri Azərbaycanda bərpa olunan enerjiyə investisiya yatırır. Biz Şimal dənizindəki neft və qazdan dəniz külək enerjisinə keçid təcrübəmizi bölüşürük.

Təmiz enerji sahəsində 50 Britaniya şirkəti bazarda fəaliyyət göstərir və Azərbaycanın enerji keçidini dəstəkləmək üçün enerji istehsalı, təmiz enerji və diversifikasiya məsələlərinin həllində ön sıralarda yer alır.

“The British Council” (Britaniya Şurası), həmçinin “yaşıl bacarıq” və ixtisasların inkişafı üçün Britaniya, eləcə də Azərbaycan təhsil müəssisələri ilə işləyir. Bir neçə həftə əvvəl mən su çatışmazlığı ilə mübarizədə ilhamverici innovasiyalara görə gənc iqlim çempionlarına mükafatlar təqdim etdim.

Qlazqoda COP26-nın təşkilatçısı kimi Britaniya ən böyük beynəlxalq sammiti keçirmək təcrübəsini bölüşür. 2023-cü ilin dekabrında Azərbaycanın COP29-un ev sahibi seçilməsindən sonra ölkələrimiz arasında əməkdaşlıq xeyli güclənib. COP29-un müəyyən olunmuş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kral III Çarlz tərəfindən qəbul edilib və Britaniyanın yeni hökumətinin üzvləri ilə görüş keçirib. Bakıya, həmçinin konfransın o vaxtkı prezidenti Alok Şarma da daxil olmaqla Britaniyanın COP26 komandasının nümayəndələri səfər edib.

Londonda İqlim Fəaliyyəti Həftəsi (London Climate Action Week) iqlim təşəbbüsləri sahəsində əsas hadisələrdən biridir. COP29 komandası qarşıdan gələn noyabr sammitinin prioritetlərini qlobal iqlim auditoriyasına təqdim etmək üçün bu platformadan istifadə edib. London İqlim Həftəsinin təşkilatçılarından biri 30 sentyabr - 4 oktyabr tarixlərində keçiriləcək ilk Bakı İqlim Fəaliyyəti Həftəsinin hazırlanmasında iştirak edir.

COP29-da biz Böyük Britaniya hökumətindən yüksək səviyyəli böyük nümayəndə heyətinin, eləcə də Britaniya biznesinin və vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələrinin iştirakını gözləyirik. Ümumilikdə, vurğulamaq istərdim ki, Britaniya cəmiyyətində Azərbaycanla iqlim və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa böyük maraq var.

- İqlim dəyişikliyi ilə mübarizədə qlobal səylər kontekstində Britaniyanın COP29-da əsas prioritetləri və məqsədləri nələrdir?

- İyulda Britaniyada seçkilər keçirildi və nəticədə yeni Leyborist hökuməti hakimiyyətə gəldi. Onun əsas vəzifələrindən biri 2030-cu ilə qədər elektrik enerjisi istehsalında sıfır karbon emissiyasını təmin etməklə ölkəni təmiz enerji sahəsində fövqəldövlətə çevirməkdir.

Yeni hökumət iqlim və təbiəti prioritet elan edib. Hökumətin bir çox aparıcı üzvləri iqlim məsələlərinə uzun müddətdir və şəxsən sadiqdirlər.

COP danışıqlarında Britaniyanı təmsil edən Enerji Təhlükəsizliyi və Karbon Neytralllığı naziri Ed Miliband 16 il əvvəl qabaqkı Leyborist hökumətində oxşar vəzifə tutub. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Kyu Kral Botanika Bağları”nda iqlim və təbiət sahəsində fövqəladə vəziyyəti ilə bağlı son çıxışında hökumətin təbiətin qorunması ilə bağlı işi barədə danışıb.

COP29-a gəlincə, biz Azərbaycan sədrliyi tərəfindən müəyyən edilmiş prioritetləri qətiyyətlə dəstəkləyirik. Maliyyələşdirmə həm aşağı karbonlu iqtisadiyyata keçid, həm də iqlim dəyişikliyinə uyğunlaşma üçün əsas amil olduğundan, iqlim maliyyələşdirilməsi üzrə yeni hədəfin razılaşdırılması həlledici əhəmiyyət kəsb edir.

Beynəlxalq karbon bazarının yaradılmasını nəzərdə tutan Paris Sazişinin 6-cı Maddəsinin həyata keçirilməsi maliyyələşdirmə axınını əhəmiyyətli dərəcədə artıracaq. Ölkələr fevralın sonuna qədər emissiyaların azaldılması üzrə yeni öhdəliklər götürməlidirlər və 1,5 dərəcə hədəfinə uyğun erkən, iddialı öhdəliklərin nümayiş etdirilməsi sürət yığmağa kömək edəcək. 1,5 dərəcə hədəfinə uyğunluq orta qlobal temperaturun sənayeyəqədərki səviyyədən 1,5°C yuxarı artımının məhdudlaşdırılması ilə bağlı səyləri nəzərdə tutur.

Ölkələr həmçinin emissiyaların azaldılması üzrə cari hədəflərə nail olmaqda irəliləyişləri barədə hesabat verməlidirlər. Bu hesabatlar vasitəsilə şəffaflığın artırılması irəliləyişi izləməyə kömək edəcək və öhdəliklərin yerinə yetirilməsinə inamı gücləndirəcək.

Nəhayət, biz ambisiyaları artırmalı və fəaliyyətləri gücləndirməliyik.

- Cənubi Qafqaz regionunun üzləşdiyi ekoloji problemləri nəzərə alaraq, Britaniya Azərbaycanın və qonşu ölkələrin qlobal iqlim fəaliyyətindəki rolunu necə qiymətləndirir?

- Su çatışmazlığı dünyanın bir çox ölkələrinin üzləşdiyi problemdir və Azərbaycan da istisna deyil. Xəzər dənizinin səviyyəsinin düşməsi bəzi regionlarda suyun getdikcə daha çox qıt resursa çevrildiyini göstərir.

COP29-un sədri kimi Azərbaycan bu problemə daha çox diqqət cəlb edə və fəaliyyət proqramı vasitəsilə həyata keçirdiyi kimi, adaptasiya sahəsində fəaliyyət və əməkdaşlığa töhfə verə bilər.

- Azərbaycan iri neft və qaz istehsalçısıdır. Britaniya ölkəmizin daha ekoloji cəhətdən təmiz və dayanıqlı enerji mənbələrinə qlobal keçiddə potensial rolunu necə qiymətləndirir?

- Neft hasilatını sənayeləşdirən ilk ölkə kimi Azərbaycan sıfır karbon emissiyalı enerjiyə keçidə nümunə göstərə bilər.

Azərbaycanın həm günəş, həm də külək enerjisi üçün böyük potensialı var və o, artıq bu sahələrə investisiya yatırır. Azərbaycanın beynəlxalq səviyyədə mühüm neft və qaz təchizatçısı olduğu kimi, o, sıfır karbon emissiyalı təmiz enerjinin mühüm ixracatçısına çevrilə bilər.

Bu il regionda COP-a ilk ev sahibliyi edən ölkə kimi Azərbaycan “yaşıl keçid” üçün nələr həyata keçirdiyini nümayiş etdirmək və digər qalıq yanacaq hasil edən ölkələri onun nümunəsini izləməyə ilhamlandırmaq üçün unikal fürsətə malikdir.

- COP29-dan gözləntiləriniz nələrdir?

- Götürülmüş öhdəliklərə və əldə edilmiş tərəqqiyə baxmayaraq, qlobal temperatur artmaqda davam edir. COP29 iqlim dəyişikliyi ilə mübarizədə ambisiyalarımızı və fəaliyyətlərimizi artıracağımıza dair güclü bir siqnal göndərməlidir.

Ümid edirik ki, COP29 Azərbaycan komandasının qoyduğu hədəflərə çatacaq. Lakin onların nümayəndələrinin qeyd etdiyi kimi, uğur təkcə sədrlikdən asılı deyil. Bu hər birimizdən asılıdır.

Böyük Britaniya əlindən gələni edəcək və biz digərlərindən də eyni addımları gözləyirik. Planetimiz, uşaqlarımız və gələcək nəsillər naminə kollektiv məsuliyyətimiz var.

Foto: Ehtiram Cəbiyev

Son xəbərlər

Orphus sistemi