Ötən il Azərbaycan polietilen ixracını 25 %-ə yaxın artırıb
- 20 yanvar, 2024
- 08:55
2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 150 min 060,74 ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 155 milyon 436,3 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 24,8 % və 5,36 % çoxdur.
Ötən il ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,64 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,46 % olub.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.