“ONGC Videsh Limited” AÇG və BTC üzrə sövdələşmənin 2 aya başa çatmasına ümid edir

Energetika
  • 03 sentyabr, 2024
  • 13:29
“ONGC Videsh Limited” AÇG və BTC üzrə sövdələşmənin 2 aya başa çatmasına ümid edir

Hindistanın “ONGC Videsh Limited” şirkəti yaxın iki ay ərzində Norveçin Norveçin “Equinor” şirkətindən “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində 0,615 % və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin (BTC) operatoru olan “BTC Co” boru kəməri şirkətində 0,737 % payın alınması ilə bağlı sövdələşməni başa çatdırmağa ümid edir.

"Report" xəbər verir ki, bu barədə Hindistanın "Financial Expres" qəzetinə “Oil and Natural Gas Corp” (ONGC) dövlət şirkətinin investisiya bölməsinin baş direktoru Racarşi Qupta deyib.

“ONGC-nin xaricdəki törəmə müəssisəsi olan “ONGC Videsh” yaxın iki ay ərzində Azərbaycanda AÇG və BTC layihələrində payların alınması üzrə sövdələşməni başa çatdıracaq”, - R.Qupta nəşrə bildirib.

Onun sözlərinə görə, ONGC AÇG layihəsində payın artırılmasının şirkətin xarici aktivlərdə neft hasilatının artmasına səbəb olacağını gözləyir.

“Biz kiçik investisiyalar hesabına AÇG layihəsində payımızı artırırıq, lakin nəticə etibarilə bu, hasilatımızı artırmağa imkan verəcək”, - baş direktor qeyd edib.

Xatırladaq ki, Hindistanın “ONGC Videsh Limited” şirkəti bu ilin iyul ayında “Equinor” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsində və “BTC Co” şirkətində payların alqı-satqısı haqqında yekun saziş imzalayıb. Payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq. Bu satınalmalar “ONGC Videsh” şirkətinin AÇG layihəsindəki 2,31 % və BTC boru kəmərindəki 2,36 % payına əlavədir.

Hindistanın milli neft şirkəti ONGC-nin törəmə müəssisəsi olan “ONGC Videsh Ltd.” xaricdə kəşfiyyat və hasilat əməliyyatları həyata keçirir və 15 ölkədə 32 aktivlə Hindistanın ən böyük beynəlxalq neft və qaz kəşfiyyatı və hasilatı şirkətidir.

Son xəbərlər

Bütün Xəbər Lenti