Bakı. 29 iyul. REPORT.AZ/ Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzayi (Ghulam M. İsaczai) arasında görüş keçirilib.
Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, A.Bədəlov ölkədə ABOEM sahəsində yaradılmış institusional mühit, həyata keçirilən layihələr, kadr potensialı və perspektiv imkanlar barədə məlumat verib, o cümlədən sahə üzrə BMT-nin regional komissiyaları və yerli nümayəndəliyi ilə fəal əməkdaşlıq əlaqələrinin olduğunu deyib.
Həmçinin, görüş zamanı Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakıda oktyabrın 18-21-də keçiriləcək Azərbaycan höküməti və BMT Avropa İqtisadi Komissiyasının (BMT AİK) “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu və BMT AİK-in Bərpa olunan enerji və enerji səmərəliliyi üzrə ekspertlər qrupunun III sessiyası barədə məlumat qonağın nəzərinə çatdırılıb.
Q.İsakzayi Azərbaycanda sahə üzrə əldə edilmiş nailiyyətlərin və qazanılan təcrübənin təqdirəlayiq olduğunu qeyd edərək, sıx əməkdaşlığın davam etdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.